Yeni “kiçik Avropa”nı kim və nə üçün yaradır? | Dimitri Solonnikovun şərhi
Rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru
AzVision.az üçün
Əgər Ukraynanı Şimali Makedoniya və Gürcüstanla müqayisə etsək, o, Avropa Birliyinin bir vaxtlar irəli sürdüyü standartlardan xeyli uzaqdır. Avropada bu inteqrasiyanın baha başa gələcəyini yaxşı başa düşürlər, çünki AB-yə potensial namizəd ölkələrin iqtisadiyyatları ciddi şəkildə modernləşdirilməlidir.
Burada çox mühüm bir məsələ var - ultimatumu Paris və Berlin deyil, ilk növbədə London orientasiyalı ölkələr irəli sürürlər. Londonun “Kiçik Avropa”nın yaradılması ilə bağlı yeni layihəsinə Polşa, Baltikyanı ölkələr, Ukrayna daxildir. İngilislər artıq Parisdən və ya Berlindən deyil, Londondan idarə olunan ikinci birləşmiş Avropa yaratmağa, Türkiyəni də bu layihəyə daxil etməyə çalışırlar.
Hər şey, əlbəttə ki, ABŞ-la razılaşdırılıb. Amerika üçün bu öz ağasının diqqətinə layiq olmaqdan ötrü bir-biri ilə rəqabət aparacaq iki Avropa kontingenti deməkdir.
Bilirsiniz, bu nəyə bənzəyir? Hərəmxanada iki arvadın öz ağasının sevgisi uğrunda mübarizə aparmasına. Fransa və Almaniya Avropanın parçalanmasına yol vermək istəmirlər. Makron və Şoltsun Kiyev səfərindən bir gün sonra Böyük Britaniyanın baş naziri Boris Consonun səfəri baş tutdu. Bu, yeni Ukrayna prosesində diqqət çəkmək üçün onların arasında rəqabət getdiyini bir daha göstərir.
Ukraynada Britaniyanı Almaniyadan çox sevirlər. Ukrayna və Polşa siyasətçiləri Britaniya liderini təhqir edə bilməzlər, lakin Almaniya rəhbərliyi haqqında ən nalayiq ifadələrə yol verirlər. Nə Makron, nə də Şoltsun Zelenskini danışıqlar prosesinə inandırmaq üçün təsir gücləri yoxdur. Onlar sadəcə onunla görüşməyə məcburdurlar, çünki xüsusi əməliyyata görə ölkələrinin iqtisadiyyatı anti-Rusiya sanksiyalarından əziyyət çəkir. Böyük Britaniya Aİ-ni parçalamağa, Fransa və Almaniya isə İttifaqın birliyini və bütövlüyünü qorumağa çalışırlar.